Qədim memarlıq abidələri-hamamlar

  1. 2 həftə, 2 gün əvvəl
  2. 0
ss
Badkubeh -

Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik,  sağlamlıq, mənəvi dincliyin, istirahətin, ruhun təzələndiyi məkan sayılıb. Hamam mədəniyyətinin tarixi isə çox qədimlərdən başlayır.  Araşdırmalara əsasən ilk hamamın yaradılması ideyasının məhz Şərqə mənsub olduğu isbat olunub. «Hamam» sözünün mənası «isitmək», «isti etmək» anlamını verir. İslam  yarandıqdan sonra bu bəşəri dinin  sürətlə yayılması  əksər  ölkələrdə hamam tikintisini də zəruri edən əsas amilə çevrilmişdi.  Müsəlmanlar üçün  hamamlar təmizlikdən başqa,  həm də  qüsl və dəstəmaz alınması  məqsədilə istifadə olunan məkanlar idi. İslam dininin adət-ənənələrinə uyğun olaraq hamamlar məscidlərin yaxınlığında inşa olunurdu. Qədim hamamların qapısında və  divarlarında ərəb və fars  dillərində  yazılmış, nəfis şəkildə tərtib edilmiş dualar bu gün də alimlərin  diqqətini cəlb etməkdədir.  Tikilişinə görə Azərbaycan hamamları da Şərq memarlığının inciləri hesab edilir. Müxtəlif yüzilliklərdə tikildiyinə görə hamamlar bir-birindən fərqlənir. İran memarlıq üslubunda tikilmiş hamamların hər birinin çimmə salonunda soyuq və isti sututarlar - "xəznə"lər yerləşib. Bu hamamlar tikilərkən üstü günbəzlə örtülməklə, içi kvadrat və ya səkkizbucaqlı salonlardan, soyunub-geyinmə otaqlarından ibarət  idi. İran memarlığı  üslubu  Azərbaycandakı qədim mədəniyyət abidələrinə güclü təsiri olduğu danılmazdır.  İslam aləminə mənsub olan  İran və Azərbaycan xalqlarını elmi, mənəvi, mədəni əlaqələr tarix boyu birləşdirib.

  Bakı hamamları milli ornamentlərlə əhatə olunaraq bəziləri yerli , əksəriyyəti İran və bəziləri də Avropa memarlıq üslubu da əlavə edilməklə qarışıq formada  tikilib.  1886-cı ildə Bakıda inşa olunan və bu gün də istifadə edilən «Təzəbəy hamamı» tarixi memarlıq komplekslərindən biridir. Bura köhnə Bakının əsas kişi hamamlarından biri olub. Sütunları və günbəzi olan qədim hamamlarda adətən bir neçə hücrələr inşa edilirdi. Həmin otaqlar ayrı-ayrılıqda paltarların soyunması, onların saxlanılması, çimməyə xidmət edirdi. Mütəxəssislərin sözlərinə görə, Azərbaycandakı hamamların  Türkiyədəki hamamlardan fərqi və İran hamamlarının üslub baxımından daha çox oxşarlığı  Türkiyə memarlığına  yunan və ərəb təsirindən, Azərbaycana isə İran memarlığının  təsirindən qaynaqlanır.  Belə ki, fars memarlığı üçün bizim əksər qədim abidələrdə olduğu kimi, daha çox konusvarı kərpic sütunlar, böyük tağlar xarakterikdir. Adətən belə tağlar bir neçə sütun üzərində dayanır. Tikintidə daha çox ulduzşəkilli və xaçşəkilli piltələrdən istifadə olunurdu ki, Azərbaycanın qədim hamamlarının əksəriyyətində bu üslub xarakterikdir. Çimmə salonu döşəmənin altında quraşdırılmış xüsusi kanallar vasitəsilə isidilərdi. Texnoloji cəhətdən çimmə salonu və suyun axan yeri də eyni formada olub. Hamamların interyeri, soyunub-geyinmə otaqları isə xüsusi layihəsi ilə göz oxşayırdı. Milli memarlıq ənənələri, o cümlədən, Şərq cizgiləri, xüsusilə İran memarlıq üslubu  hamam tikililərində özünü daha qabarıq göstərib. Ümumiyyətlə, İran memarlığına xas olan belə tikililərdə oxvari tağlar, günbəzlər və tağlar arasındakı aşırımlar bütövlükdə Bakı hamamlarına misilsiz  yaraşıq verib. Abşeron yarımadasında yaranmış Bakı xanlığının tərkibinə 39 kənd daxil olub. Bu kəndlərdən biri də Qobu kəndi idi. Qobuda hicri-qəmər təqviminin 1300-cü ilində (miladi tarixi ilə 1882-ci il) inşa edilmiş hamam öz möhtəşəm görünüşünə və iş mexanizminə görə qeyri-adi idi. Sakinlərin sözlərinə görə, tavanda və divarlarda  heç vaxt su damcıları gözə dəyməzdi və tavan-divarlar quru olardı.  Bu isə indiyədək eşidənlərdə heyrət hissi oyadır. Həmin  hamam kənd sakini Mirzə Abdulla  tərəfindən inşa etdirilib. Deyilənə görə Mirzə Abdulla bu hamamı inşa etmək üçün İrandan  usta dəvət edib. Usta İranın Qəzvin şəhərində tikdiyi hamam binasının  eynisini bu kənddə də tikib başa çatdırıb. Kaşı və digər tikinti materialları da İrandan sifariş edilərək gətirilib. Fərq yalnız tikintidə Abşeron daşından istifadə edilməsi olub. Bu hamamın suyunun nə cür axıdılması   indiyədək də bəlli deyil.

  Bakının ən böyük kəndlərindən olan Maştağada isə qədim hamamların sayı 23 olub.  Orta əsrlərə aid Qum və Şamxal hamamları, habelə Səfərəli, Məhəmməd, Kərbəlayi Mirsalam, Paşa, Mirəli, Mirheydər, Küllük (Bəşir hamamı da deyirlər), Məhəmmədrza, Mirzəhüseyn, Baloğlan, Kərbəlayi Məhəmmədrəsul hamamı və digərləri olub.  Maştağada yerləşən Şamxal hamamı kəndinin tarixi hissəsində, Xunxar məhəlləsində yerləşir. Ustadlar Ağaqulu və Kərbəlayi Hacıqulu tərəfindən 1883-cü ildə üzü meydana tərəf tikilib. Onun arxitektur-planlaşma strukturu interyerdə əks olunmuş üfüqi və şaquli bölmələr, konstruktiv formalar sayəsində bu növ mülki tikililərin inkişafının klassik üsullarını qoruyub saxlayır. Hamamın əsas fasadı orijinal formalı portalla vurğulanıb, burada girişin oxvari tağı kiçik frontonlarla tamamlanır. Əsas həcmin uzadılmış paralelpipedi üzərində müsəlman hamamının obraz ifadəsi kimi iki günbəz ucalır. Mütəxəssizlərin sözlərinə görə, Qum hamamı üslubuna, bəzəyinə və ornamentlərinə görə İsfahan şəhərindəki  hamamla eyniyyət təşkil edir. Təəssüf ki,  min bir əziyyətlə tikilən bu qədim abidələr  hazırda dağılıb məhv olmaq üzrədir.  Demək olar ki, ötən əsrlərdə bu kəndlərin  hər bir məhəlləsində hamam inşa edilib. Sonradan sovet hakimiyyəti illərində Azərbaycanda bir çox hamamlar tikilərək istifadəyə verilib.  Ancaq yeni tikililər bizim köhnə hamamlarımızı əvəz edə bilmədi. Bu gün ölkəmizin demək olar ki, hər bölgəsində qapısı bağlı qalan hamamlarımız çoxluq təşkil edir. Məgər tarixi abidə kimi onları bərpa etmək, qorumaq və gələcək nəsillərə çatdırmaq  olmazmı? Düzdür, indi  hər bir ailənin evində hamam var. Amma qədim tikililərin qorunması da vacibdir. Təəssüf ki, bizim qədim hamamların, ümumiyyətlə memarlıq abidələrimizin bərpası əksər hallarda  düzgün şəkildə həyata keçirilmir. Axı tarixi qədim olan tikilidəki kərpicin üzərinə rəngli boya və ya suvaq çəkmək olmaz, abidə onun qədimliyi və əvvəlki görkəmi nəzərə alınmaqla restavrasiya edilməlidir.  Bu gün hamamlarımızın memarlıq üslubunun qorunmasına layiqli dəyər verilmir. Unutmaq olmaz ki,  vaxtı ilə Qərb hamam tikməyi də Şərqdən öyrənib. Memarlıqda olan qotika üslubunu da  avropalılar elə Şərqdən mənimsəyiblər.  Bakının qədim hamamlarının yenidən xalqın istifadəsinə verilməsi  məqsədəuyğun olardı.

Vüsalə Muradova







reader's comments

Loading...