Mazandaran pələngi:İmaməli Həbibi

  1. 3 həftə, 5 gün əvvəl
  2. 0
İmaməli Həbibi
Badkubeh -

Qafqaz müsəlmanları Idarəsinin qazisi, Bakının Buzovna Cümə məscidinin axundu, böyük elm-ürfan sahibi hacı Soltan Əlizadəni geniş təqdim etməyə, məncə ehtiyac yoxdur. Ömrünün 58-ci payızını yaşayan hacı Soltan 30-a yaxın kitabın müəllifidir. Bu gün çalışdığı məscidin həyətindəki şəxsi kitabxanası bilik xəzinəsi sayılır.

 Kitabxana ilə tanış olarkən, nəzərimi bir kitab cəlb elədi. İranın məşhur pəhləvanı İmaməli Həbibi haqqında yazılmış bu kitab məni çox maraqlandırdı. Hacı Soltanın sonuncu əsəri "Mazandaran pələngi- İmaməli Həbibi" haqqında olan bu kitabda qədim tarixə malik olan Təbəristan və Mazandaranın qısaca tarixi, coğrafi mövqeyi, etimologiyası, qədim və müasir dövr alimləri, din xadimlərinin həyatı və digər maraqlı məlumatlar əks olunub. Əsərdə, həmçinin, İmaməli Həbibinin ən yaxın dostlarından Qulamrza Təxti də yad olunub.

İmaməli Həbibi

Kitabı daha da oxunaqlı və baxımlı edən mühüm tarixi faktlarla yanaşı, həm də səhifələrdə əks olunan şəkillər qalereyası idi. Həbibinin gənc və ahıl çağlarında çəkilmiş şəkilləri, qədim məscidlərin fotoları, Mazandaran və ətraf qəsəbələrin dilbər guşələrinin təbiət mənzərələri, bu diyarın digər adlı-sanlı idmançılarının -Behtad Səlimi kimi çempionların da yad edilməsi xüsusi maraq doğurur. Kitabda,həmçinin, qiymətli tarixi məlumatlar, müxtəlif elm və din xadimlərinin dəyərli fikirləri əks olunub. Diqqətimi cəlb edən məqamlardan biri də iki qardaş ölkənin pəhləvanları arasındakı səmimi münasibətlərdən bəhs edilməsi oldu.


"İran və Azərbaycan pəhləvanları həmişə böyük dostluq duyğuları, mehriban qarşılıqlı ələqələr, qırılmaz tellərlə bir-birinə bağlanıblar. Tehran və Bakıda keçirilən yarışlar, dostluq görüşləri XX əsrdə hər iki ölkədə dəyişən ictimai-siyasi quruluşlardan asılı olmayaraq, qarşılıqlı maraq və diqqət şəraitində keçir. Bu dostluq və qarşılıqlı anlamanın bünövrəsini çoxəsrlik tarixi və coğrafi birlik, musiqi, ədəbiyyat, incəsənət müştərəklliyi, dini təriqətin eyniliyi və əsasən İran pəhləvanları çərgəsində soydaşlarımızın çoxluğu faktoru təşkil edir." Kitabı oxuyan hər kəs burada verilən dəyərli ensiklopedik məlumatlar, Azərbaycan və İran pəhləvanlarının həyatı və digər maraqlı yeniliklərlə tanış ola bilərlər. Amma şübhəsiz ki, burada diqqəti daha çox cəlb edən unikal və tarixi önəmə malik şəkillərdir. İmaməli Həbibinin ahıl çağlarını əks etdirən rəngli fotoşəkilləri, "Mazandaran pələngi" filmindən pəhləvanın döyüş səhnələrini əks etdirən kadrlar, İmaməlinin yarış pilləsinin zirvəsində əks olunmuş, yarış zamanı gərgin mübarizəni göstərən, dostu ilə çəkdirdiyi şəkillərdir. Hacı Soltan Hüseynqulu oğlu Əilzadənin böyük zəhmət bahasına ərsəyə gətirdiyi "Mazandaran pələngi-İmaməli Həbibi" kitabını oxumağı hər kəsə tövsiyə edirik. Həm bədii zövq hiss edəcək, həm də şanlı idman tarixinin qəhrəman "əsgərləri" ilə tanış olmaq imkanı əldə edəcəksiniz.

Mirzəağa Məmmədli

tədqiqatçı - jurnalist