Bakının Nardaran kəndinin gizli qalan misilsiz sərvəti Xan bağı

  1. 6 ay, 1 həftə əvvəl
  2. 0
xan
Badkubeh -

Dövrümüzə gəlib çatmış bir çox qiymətli orta əsr abidələri içərisində  Şirvan şahlarının yay iqamətgahı  diqqəti daha çox özünə cəlb edir. Dəniz sahilindən təxminən 2 km məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda inşa edilmiş yay sarayı öz unikal gözəlliyi ilə ilə ətraf tikililər içərisində seçilir. Nardaranın dəniz sahili, əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkan, XIII-XIV əsrə aid müdafiə qalalarının kəndə yaxınlığı   Şirvan şahlarında  məhz bu ərazidə  yay sarayı və bağ salmaq qənaətini möhkəmləndirib.

Xalq arasında “Xan bağı” deyilən bu möhtəşəm tikili əslində “Şah bağı” adlanmalıdır. Çünki yay iqamətgahı  Şirvanşahlara aid tikilidir və bu,  müxtəlif dəlillərə əsaslanmaqla, sübuta yetirilib. Belə ki, Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay sarayı  üzərində epiqrafik yazıların aşkarlanmaması,  tikinti texnikası və arxitektura həllinə  görə Şirvan şahlarının Bakının “İçərişəhər”indəki saray kompleksinə yaxınlığı, bu tikilini XIII-XIV əsrlərə aid etməyə imkan verir. Nəzərə alsaq ki, İranın vaxtı ilə Arran adlanan Şimalında indiki Azərbaycan Respublikası ərazisində xanlıqların yaranması XVII-XVIII əsrlərə təsadüf edir, onda bu bağın “Şah bağı” olduğu inkaredilməzdir. Yazılı mənbələrdə “Şah bağının” kompleks tikintiləri, həmçinin, onu əhatə edən üzümlüklər içərsində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hövuz və iki su quyusunun olduğu bildirilir.

Şübhə yoxdur ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla, hasarla əhatə olunub. Bağın ətrafında sadəcə qalıqları görünən köhnə daşlara baxanda, əsrlərin o tayında qalan, hündür hasarların arxasında və  üzümluklər, qızılgül kolları, əncir, püstə, tut aqacları ilə ahətələnmiş cığırlarda  şahzadələrin qayğısızca qaçıb oynadığı möhtəşəm yay iqamətgahı göz önünə gəlir.

Bu mənzərəni canlandırmaq üçün miyonlardan keçməyə dəyər. Binaya yaxınlaşdıqca fasadın dənizə istiqamətlənmiş girişinin  dərin taxçalı oxvari baş tağla başlandığı görünür. Tağ açımının haşiyəsi divar səthindən nisbətən qabarmaqla, binanı əhatələyən karnizlə tamamlanır. “Şah bağı” yan cinahlardan, hamar səthli sadə fasadlarda üç düzbücaqlı pəncərə açımları ilə işıqlandırılıb.  Qapılara perpendikulyar yerləşdirilmiş pəncərələr nisbətən böyük sahəsi ilə digərlərindən seçilir. Vaxtilə gözəl naxışlı pəncərə ilə əhatələnmiş, bu gün isə sadəcə yeri qalmış  boşluqdan dənizə ecazkar bir mənzərə açılır. Hazırda qapı və pəncərələrdən məhrum olan bağ tikilisi, əhalinin verdiyi məlumata görə, nə vaxtsa qoz ağacından düzəldilmiş gözəl dekorativ oyma sənətinin məhsulu olan qapı və pəncərələrə malik olub. “Şah bağı”nın yaşayış binasının mərkəzi, oxvari günbəzlə tamamlanır. Bu görüntü iran memarlıq üsübundakı günbəzli tikililəri xatırladır. Belə ki, Abşeron yarımadasının dini tikililərə xas olan belə bir örtük sistemi, sanki ilk baxışda iqamətgahı məscidlərə bənzədir. Binanın bütün fasadları dekorsuz, sadə həlli ilə yadda qalır. Ümumiyyətlə Nardaran kəndində geniş arxeolaji qazıntıların aparılmasına zərurət var.

Yerli sakinlər həyətdə su quyusu və ya ev üçün bünövrə qazarkən yerin altından müxtəlif tikililərin qalıqları, qədim yaşaıyış mənbələrinı sübut edən alət və bəzək əşyaları tapılır. Bir qədər kənarda bir qadın tərəfindən inşa edildiyi deyilən qala binasının tədqiq olunması müxtəlif maraqlı tarixi faktları aşkara çıxara bilərdi. Maraqlıdır ki, qalanın ilk iki mərtəbəsinə çıxmaq üçün  giriş yoxdur və yaxud vaxtilə gizli giriş olub və sonradan izi itib. Abşeronun altı-üstü qiymətli olduğu kimi, qədim abidələri də misilsiz sərvətdir və müvafiq qurumlar bu sərvəti gələcək nəsillərə çatdırmağa borcludurlar.


Nazilə Sarablı



reader's comments

Loading...