Rauf Qurbanov : “28 aprel Azərbaycanın şanlı səhifəsidir”

“Türkiyə Azərbaycanı niyə ingilislərə təhvil verdi? Tələt paşa Bakını işğal etdiyini deyirdi”

Tomsondan əvvəl isə türklər Azərbaycana gəlmişdi. Tələt Paşa 1918-ci il sentyabrın 15-də sultana belə bir teleqram vurur: “Mən Bakını işğal etdim”.

  1. 5 ay əvvəl
  2. 0
Rauf Qurbanova
Badkubeh -

Tomsondan əvvəl isə türklər Azərbaycana gəlmişdi. Tələt Paşa 1918-ci il sentyabrın 15-də sultana belə bir teleqram vurur: “Mən Bakını işğal etdim”.

Bəs necə olur ki, sən qardaş kimi Bakıya gəldin və sonra onu niyə ingilislərə təhvil verdin? Sən Azərbaycanı qardaş kimi erməni, bolşevik qırğınından, rus təcavüzündən qorumaq üçün gəlmişdinsə, o zaman niyə Bakını ingilislərə təhvil verib getdin?

Bu ilin 28 apreli Azərbaycanın XI Qırmızı Ordu tərəfindən işğal olunmasının 97-ci ildönümüdür.  Bu tarixlə bağlı heç də birmənalı fikirlər yoxdur. Kommunistlər düşünür ki, 28 aprel işğal yox, qələbədir.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanova 28 aprellə bağlı suallar ünvanladıq. Rauf Qurbanov da hər vəchlə sübut etməyə çalışdı ki, 1920-ci ilin 28 apreli Azərbaycan xalqının, dövlətinin şanlı səhifəsidir. Modern.az saytı onunla söhbəti təqdim edir.

 İki gündən sonra 28 aprelin ildönümü olacaq. Bu tarixi hadisə ilə bağlı fikirlər isə haçalanır. Siz 28 apreli necə qiymətləndirirsiniz?  İşğalmı, yoxsa Azərbaycanda yeni bir formasiyanın başlanğıcımı?

Sizin qoyduğunuz sualın ikinci hissəsi tamamilə razıyam. Mən bu tarixi Azərbaycanda sosializm formasiyasının bərpası kimi dəyərləndirirəm. 1920-ci ilin 28 apreli Şərqdə ilk dəfə olaraq Azərbaycan sosialist inqilabının qələbəsi günüdür. İnqilab bilirsiniz ki, yenilik deməkdir. Bu yenilik yalnız o dövlətlərdə, o xalqlarda olur ki, orada şüur son dərəcə inkişaf etmiş mərhələyə gəlib çıxır. 20-ci əsrin əvvəli, 19-cu əsrin axırlarında Azərbaycanda milli şüurun inkişafı məhz sosialist inqilabının baş verməsinə səbəb oldu. Azərbaycan yeni bir formasiyaya daxil oldu, yeni bir sistem yaradıldı – sosializm sistemi.

Tarixdə şüurun inkişafı nəticəsində formasiyalar bir-birini əvəz edib. Azərbaycanlılar siyasi mövqeyindən və oriyentasiyasından asılı olmayaraq, 28 apreli milli şüurun qələbəsi kimi qeyd etməlidir. Bu gün fransızlar Bastiliya üsyanını, öz tarixlərində olan inqilabları fransız xalqının şüurunun inkişafı kimi qəbul edirlər və bayram keçirirlər.

Bizdə də formasiya belə dəyişdi və bu tarixdir. 28 aprel tarixini istila kimi cəmiyyətə sırımaq öz tariximizi aşağılamaqdır. Bu kimi cəhdlər Azərbaycan ziyalısına yaraşmır. 28 aprel Azərbaycanın şanlı səhifəsidir.

Hadisənin tarixi olduğunu qeyd edirsiniz. Bunu hamımız bilirik ki, tarixdir və tarixi silib atmaq olmaz. Mövqelərdən asılı olmayaraq, tarix tarixdir – amma bunun təzahürü necədir, əsas məsələ budur. Ordu formasiya dəyişmir axı. Azərbaycanda təbii formada bu proses olsaydı, buna formasiya deyə bilərdik. Özünüz də yaxşı bilirsiniz ki, Rusiya Azərbaycana ordu yeritmişdi.  

-Azərbaycana heç bir hücum olmamışdı. 1920-ci ilin 27 aprelində Azərbaycan parlamentinin sonucu iclasında qərar qəbul olunur ki, Azərbaycanda formasiya dəyişikliyi olsun. Hətta Böyük Oktyabr İnqilabının ən böyük təkanverici qüvvəsi də Bakı proletariatı olub. Bunları danmaq olmaz axı!

Bu gün tarixə düzgün qiymət verməklə sosializm quruluşu bərpa olunmayacaq. Heç olmasa, xalqa, gənclərə həqiqətləri, tarixi düzgün çatdırmaq lazımdır.  Bundan çəkinmək lazım deyil. 27 apreldə parlament özü hakimiyyəti könüllü şəkildə bolşeviklərə verdi. Bu qərara heç o vaxtkı müsavatçılar qısqanclıqla yanaşmırdılar, onlar bu günkülərdən intellekt cəhətdən daha yüksəkdə idilər. Onlar başa düşdülər ki, Azərbaycan xalqının xilası hakimiyyətin bolşeviklərə təhvil verilməsindədir.

Siz milli şüurun inkişafı dediniz. Azərbaycanda milli şüur inkişaf etmişdi ki, Azərbaycan Demokratik Respublikası (ADR) yaradılmışdı. Formasiyadan söz açırsınız, bunu da məhz ADR etmişdi. Məsələn, Şərqdə ilk dəfə qadınlara seçki hüququ vermişdi. ADR quldarlıq quruluşunda deyildi axı, siz ona eyham vurasınız.  

Tamamilə düzdür. ADR əhaliyə müəyyən üstünlüklər, müəyyən hüquqlar vermişdi. Ancaq formasiya hakimiyyətin dəyişməsi deyil.

Bəli, bilirəm, formasiya ictimai-siyasi mühitin kökündən dəyişməsidir.

Baxın, özünüz də deyirsiniz. Hakimiyyətin mülkiyyətə münasibəti, iqtisadi münasibətlərin formalaşması da formasiyadır. Bəli, çar Rusiyası devriləndən sonra Azərbaycanda intellektualları, ziyalıları, ADR-i yaratdılar. Başqa yol da yox idi. Onsuz da çar Rusiyası öz idarəetməsini itirmişdi. Buna görə də, Azərbaycan ziyalıları Şərqdə ilk demokratik respublika yaratmaqla müstəqilliyi elan etdilər.

Amma bununla mülkiyyətə münasibət dəyişmədi. Yenə də ağa-kölə münasibətləri mövcud idi, heç nə dəyişmədi. Buna görə də ADR-in yaranması inqilab deyildi. Azərbaycan Demokratik Respublikası çar imperiyasının xarabalıqları üzərində yaranmış növbəti hakimiyyət idi. Ancaq aprel inqilabı kökündən istehsalı münasibətlərini dəyişdi. Mən bir ziyalı olaraq 28 apreli istila kimi edə bilmirəm. Zəbt olunan bir ölkədə 70 ildə iqtisadiyyatı inkişaf edə bilərdimi? İşğal edilmiş ölkənin vətəndaşları başdan-ayağa savadlımı ola bilərdi? Təhsil məcburimi ola bilərdi? İstila olunmuş ölkənin vətəndaşlarına pulsuz səhiyyə, pulsuz təhsil xidməti göstərilərdi? İstila edilmiş bir dövlətin vətəndaşları pulsuz mənzil təminatı ilə təmin olunardılarmı? Hər ittihamda məntiq olmalıdır. İstila başqa şeydir. Biz istilanı indi İraqda, Liviyada, Suriyada görürük. Bəli, oralarda kənar müdaxilələr həmin ölkələrin suverenliyinə təhlükə yaradır.

Bizdə axı belə olmayıb! Sovet vaxtı Azərbaycanın özünün Milli Akademiyası, 18-dən artıq universiteti, institutları formalaşıb. Dövlət dili də Azərbaycan dili idi. Bütün bunlar orta sinfin, kasıb təbəqənin mütləq qələbəsi idi.

28 aprel ağalığa, köləliyə son qoyan bir inqilab idi. Bunlarla razılaşmamaq mümkün deyil axı?

-Siz dedikləriniz partiya nomenklaturasının təbliğatlarına bənzəyir. Bunlar beyinlərə yeridilən tarixi şüurdur. Sizə elə gəlmir ki, ancaq birtərəfli danışırsınız? Çünki ADR-in də yaratdığı müsbət ənənələr var idi, sadəcə ömrü az oldu. Bunları danırsınız?

Xeyr. Mən Azərbaycanın dövlətçilik tarixində rolu olan hər bir tarixi şəxsiyyətə çox dərin hörmət bəsləyirəm. Bunlar hamısı bizim tarixdir və bunu yaşatmaq lazımdır. Heç də fikirləşməyin ki, mən kommunist olduğuma görə, bu məsələlərə qərəzli yanaşıram. Ancaq reallığı danmaq olmaz. Şərqdə ilk demokratik respublika quruldu, onun gerbi, bayrağı təsdiq olundu. Amma bu yaşaya bilmədi. 23 ay ərzində 5 dəfə hökumət dəyişdi. ADR-də istər torpaq islahatı, istərsə də  digər islahatlar heç bir nəticə vermədi. Bunun nəticəsi olaraq Azərbaycan parlamenti özü könüllü olaraq hakimiyyətin bolşeviklərə verilməsinə razı oldu.

Mən hər iki tərəfin mövqelərinə baxıram, faktları uzlaşdırıram, təhlil edib, buna uyğun suallar verirəm. Bəli, o vaxtkı Azərbaycan parlamentindəki fraksiyaların çoxu Rusiyaya birləşməyin tərəfdarı idilər. Belə deyək də, parlamentdə Rusiya meylli qüvvələr çox idi.

Mən tarixi arxivdə oturub araşdırmamışam. Sadəcə olaraq araşdıranların materiallarından oxumuşam ki,  parlamentdə heç də bolşeviklər üstünlük təşkil etməyiblər. Ümumiyyətlə,  bolşeviklərlə ruspərəstləri bir sıraya qoymayın.

Məsələn, bu gün Rusiyada olan qüvvələr heç də kommunist deyillər. Mən özüm Azərbaycanpərəstəm, ruspərəst deyiləm. Amma kommunistəm. Mən vətənpərvər və xalqımı sevirəm.

O zamankı ruspərəst qüvvələr heç də bolşevik deyildilər.

Yaşlı ya da orta nəslin nümayəndələri ilə söhbətlərdə də onlar SSRİ zamanındakı pulsuz təhsil, pulsuz səhiyyənin olduğunu vurğulayırlar. Təbii ki, sovet dövründə yürüdülən sosial siyasət güclü idi. Bunu dana bilmərik. Ancaq XI ordu Azərbaycan xalqını pulsuz səhiyyə və pulsuz təhsillə təmin etmək üçün Azərbaycana gəlməmişdi axı. Yəni düşünmürsüz ki, Rusiyanın imperiya maraqları dominant idi?

Biz gərək məsələyə hərtərəfli yanaşaq. Böyük Britaniya kimi bir dövlət Avropa İttifaqından referendum yolu ilə ayrıldı. Digər Avropa dövlətlərində də Avropa İttifaqından çıxmağı təklif edən siyasi liderlər var. Bəllidir ki, Avropa İttifaqı bərabərhüquqlu bir təşkilat kimi yaranıb.

Biz könüllü surətdə, heç bir təpki, basqı olmadan SSRİ-nin bir bayraq altında birləşməsinə razılıq verdik. Bununla yanaşı, hər bir dövlətin özünün konstitusiyası, bayrağı, himni var idi. Biz müstəqil dövlət olaraq heç bir hüquqlarımızı mərkəzi hakimiyyətə qurban vermədik. Biz SSRİ-nin tərkibində yaşadıq. Bilirsiniz ki, 1991-ci ilin martında SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı referendum keçirildi. Azərbaycan müstəqil deyildisə, necə bu referendumda iştirak edə bilərdi? Tarixi həqiqətlərin gözünə dik baxmaq lazımdır. Biz SSRİ-nin tərkibində də imperiya siyasətinin qurbanı yox, müstəqil respublika kimi fəaliyyət göstərmişik.

Təbii ki, SSRİ konstitusiyasına görə, müttəfiq respublikalar istədikləri vaxt Sovet İttifaqından ayrıla bilərdi. Amma bu, kağız üzərində idi və de-fakto belə bir şey mümkün deyildi. Bununla da razı deyilsiniz?

Nə idi kağız üzərində olan? İqtisadi tellər bizi bir-birimizə o qədər bağlamışdı ki, heç çıxmaq barədə də düşünmürdük. Baxın, SSRİ dağılandan sonra Azərbaycan iqtisadiyyatı 1995-ci ilə qədər çox sayda gərginlik yaşadı. SSRİ-dən sonra Azərbaycan iqtisadi məkanda özünə yer tutmaq üçün yeni müttəfiqlər axtarmaq məcburiyyətində qaldı. Elə hamı deyir ki, bizim SSRİ-dən ayrılmağımız yalnız kağız üzərində mümkün idi.

Azərbaycanda da digər müttəfiq respublikalar kimi pulsuz təhsil, pulsuz səhiyyə, mənzil təmiantı var idisə, niyə görə bu ittifaqdan çıxmalı idik?!

Bayaq dediniz ki, ADR parlamenti hökuməti bolşeviklərə verilməsini dəstəkləmişdi. Amma bu xalqın rəyi demək deyildi axı. Çünki 28 apreldən sonra yerlərdə etirazlar başlanmışdı. Təbii ki, bu etirazların bir səbəbi də ağalar, bəylərlə bağlı idi, çünki onlar ağa-kəndli münasibətlərinin tərəfdarları idilər. Bununla belə, demək olarmı ki, xalq özü də bolşeviklərin idarəçiliyini istəyirdi?

Xalqın çoxluğunun fikirlərinin təzahürüdür ki, xırda etirazlar böyük alova çevrilmədi. Deməli, xalqın çoxu sosializmin tərəfində idi. Xalq bəylərin, qolçomaqların yaratdıqları xırda narazılıqlara dəstək vermədi. Bu etirazlar cəmiyyətdə özünə yer tapa bilmədi. Bəylərin, ağaların bu səyləri sadə xalq, kütlə tərəfindən müdafiə olunmadı. Kütlə tərəfindən müdafiə olunmadığına görə də, onlar məğlubiyyətə düçar oldular.

Heç bir qüvvə kütlənin qarşısını ala bilməz. Bu gün isə bizdə don geyindirirlər ki, xalq sosializmi istəmirdi. Çoxluq bu sistemi müdafiə etməsəydi,  sosializm Azərbaycanda bərqərar olmayacaqdı. Mən fəxr edirəm ki, SSRİ zamanında pulsuz, təmənnasız təhsil, tərbiyə almışam.

Türk komandan Xəlil paşa 11-ci Qırmızı Ordunun tərkibində Azərbaycana gələnlərdən idi. Siz isə deyirsiniz ki, ordu gəlməmişdi. Onlar bunun belə əsaslandırırdılar ki, Azərbaycandan keçərək Türkiyədəki hərəkatı yatırtsın. Hər halda sosializm Azərbaycana hədiyyə kimi xonçada gəlməmişdi.  Bu prizmadan belə iddialar səslənir ki, Türkiyə Azərbaycanın maraqlarını qurban verdi. Bu haqda nə deyə bilərsiniz?

Mən bir az sonrakı tarixdən danışım. Bilirsiniz ki, Atatürkün Nəriman Nərimanova yardımla bağlı müraciəti var. Bəziləri nəyinsə xatirinə tarixi saxtalaşdırmaq istəyirlər.Birinci Dünya Müharibəsindən sonra Türkiyənin özündə baş verən təlatümlər, orada gedən proseslər gərginləşmişdi. Atatürkün Nərimanova müraciəti, Azərbaycanın gənc bir dövlət olaraq Türkiyəyə yadım etməsi tarixi faktdır. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycanda sosializm tərəfdarları real bir qüvvə idi və xalq bunu dəstəkləyirdi.Sosializm inqilabı 1917-ci ilin 7 noyabrda Rusiyada baş vermişdi. Ora da kənardan 11-cı Qırmızı Ordu gəlməmişdi ki! Lakin bəzi qüvvələr bolşevik hakimiyyətini devirmək istəyirdi, bu, Azərbaycanda da belə idi.Azərbaycana Xəlil paşadan öncə ingilis general Tomson gəlmişdi və bundan sonra “Kaspi” hökuməti yaradılmışdı. Heç Azərbaycan hökuməti də yox. Bizim bəzi tarixçilər isə bu tarixi faktın üstündən keçirlər.O zaman İngiltərənin baş naziri Vilson Tomsona təcili bir teleqram vurur. Teleqram deyilir: “Əgər sən bir ay müddətində Londonda olmasan, Peterburqda baş verən hadisələr Londonda təkrarlanacaq”.Tomson məcbur olub gedir. Tomson qayıdandan sonra İngiltərədə fəhlələrin tətilləri amansız şəkildə yatırıldı.Tomsonun Azərbaycana gəlişində isə məqsəd bu idi ki, Azərbaycanı istila etsinlər. O zaman hamı neft ölkəsi olan Azərbaycana göz dikmişdi. Hamı Bakını tutmaq istəyirdi.Tomsondan əvvəl isə türklər Azərbaycana gəlmişdi. Tələt Paşa 1918-ci il sentyabrın 15-də sultana belə bir teleqram vurur: “Mən Bakını işğal etdim”.Bəs necə olur ki, sən qardaş kimi Bakıya gəldin və sonra onu niyə ingilislərə təhvil verdin? Sən Azərbaycanı qardaş kimi erməni, bolşevik qırğınından, rus təcavüzündən qorumaq üçün gəlmişdinsə, o zaman niyə Bakını ingilislərə təhvil verib getdin?

Türkiyə Azərbaycanı niyə ingilislərə təhvil verdi? Tələt  paşa Bakını işğal etdiyini deyirdi. Necə də paradoksaldır?Buradan belə bir məntiqi nəticə çıxır ki, hər dövlətin özünün strateji maraqları var. Bunlar hamısı tarixdir. Bunlar  nə bolşevik təbliğatıdır, nə də Rauf Qurbanovun fikirləridir.

SSRİ kimi sosializm modelli ittifaq yaransa, Azərbaycanın belə bir qurumda təmsil olunmasını dəstəkləyərsiniz? 

Formasiyalar Rauf Qurbanovun arzusundan asılı olmayaraq dəyişir. Kapitalizmin sosializmlə əvəz olunması aksiomadır. Amma bunun üçün zaman lazımdır. Azərbaycan vətəndaşı olaraq birmənalı şəkildə deyirəm ki, ölkəmizin maraqları, müstəqilliyi suverenliyi harada müdafiə olunursa, mən orada iştirakın tərəfdarıyam.

 Aqşin KƏRİMOV

reader's comments

Loading...