“İran! O, bizim şərqimizin məhdi-kamalı”

  1. 4 ay, 3 həftə əvvəl
  2. 0
iran
Badkubeh -
Azərbaycan-İran münasibətləri dərin köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər  yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarixi boyu birləşdirib. Bu gün iki suveren dövlət öz  gələcəyini müstəqil şəkildə qürur və heç bir üçüncü tərəf bizim aramıza girə bilməz.

1996-cı ildən başlanan və davam edən  uzun illərin çətinliklərini heç vaxt unutmaram. Allah Təala sanki məni ağır sınağa çəkmişdir. Təkcə məni deyil, ümumiyyətlə yaradıcı insanların əksəriyyəti mən vəziyyətdə idi.

Yaxşı yadımdadır  o illərdə İranda prezident seçkisi keçirilirdi. Məhəmməd Hatəmi seçkidə böyük səs çoxluğu ilə prezident seçildi. Seçkinin media tərəfindən işıqlandırılması ilə bağlı Azərbaycandan İrana bir neçə nəfər  media nümayəndəsi dəvət olunmuşdur. Bu dəvətlilər arasında mənim də adım var idi.

İranı görmək, yaxından tanış olmaq üçün bu bir fürsət idi. Lakin xarici pasportum olmadığı üçün bu səfərdən imtina etdim. O illərdə şəxsiyyət vəsiqəsi və xarici pasport almaq xeyli müşkül idi. Burokratik əngəlləri aşmaq, rüşvət vermək sənəd almaq mənlik deyildi. Həyat yoldaşına şəxsiyyət vəsiqəsi almaq istəyən dostum foto muxbir Alimin polis idarəsinin pasport şöbəsinin rəisi ilə mübahisə etməsi və əsəb sarsıntısı keçirməsi onun ölümünə səbəb olmuşdur. Alimin ölümü məni xeyli sarsıtmışdır.

Odur ki, 2006-cı ilə qədər cibimdə hələ də köhnə sovet pasportunu gəzdirirdim.

Yenicə müstəqilliyə qovuşmuş Azərbaycan Respublikası üçün keçid dövrü idi. Keçid dövrünün özünəməxsus çətinlikləri olur. Bununla razılaşmaq lazımdır.

Şükürlər olsun Allaha 10-12 ildir şəxsiyyət vəsiqəsi və ya pasport almaq xeyli asanlaşıb. Süründürməçilik yerli-dibli aradan qaldırılıb. Bakıda Asan Xidmət vətəndaşların bir çox problemlərini həll etməyə qadirdir. Nə isə. Keçək əsas məsələyə.

Keçid dövrünün çətinliklərinə baxmayaraq İranı görmək, gəzmək, oranın insanları ilə ünsiyyətdə olmaq həvəsi məni tərk etmirdi. Hər il Azərbaycanın media nümayəndələri dəstə ilə İrana gedərkən, nədənsə mən bu dəstədən kənarda qalırdım. Təəssüf ki, İranı gəzib gələn bəzi jurnalistlərimizin İranla bağlı düz əməlli başlı mətbuatda nədənsə yazılarına rast gəlmirdim. Əksinə İran həqiqətlərini bir tərəfə qoyub, ABŞ-ın, Qərbin siyasətini dəstəkləyib bu mövzuda yazılara daha geniş  verirdilər. Mən əksinə ABŞ ın Qərbin İrana qarşı siyasətini tənqid edərək, dünya mədəniyyətinə böyük töfhələr verən qədim İranın haqqlı tələbini müdafiə edir, bu mövzuda mətbuatda geniş yazılar dərc edirdim.

ABŞ, Qərb tərəfindən İrana tətbiq edilən, iqtisadi, siyasi sanksiyalara dünyanın heç bir ölkəsi tab gətirməzdi.

Amma İran dözdü, dözdükcə də gücləndi, inkişaf etdi. 9 –illik İran-İraq müharibəsində İraq prezidenti qatil, cinayətkar Səddam Hüseynə dəstək olan ABŞ ın və SSRİ-nin planlarını İran alt-üst etdi. İraqa qalib gəldi. SSRİ –dağıldı. Səddam Hüseyn edam olundu. ABŞ isə İraq, Əfqanıstan bataqlıqdan çıxa bilmir. ABŞ İranın artıq şərtlərini qəbul etməyə məcbur olub.

Bu gün dünyada müasir İran, güclü İran dövləti var. Mənim İranla mövqeyim həmişə belə olub. Burda şair Məhəmməd Hadini yada salmamaq mümkün deyil.

İran! O, bizim şərqimizin məhdi-kamalı,

Ərbabi - ədəb bəsləyən ağuşi-cəlali

Sədiləri, Hafizləri, Beyzavi, Bəhasi-

Bunlardı o möcüzə yerin əhli-duası!

Öz-özümə fikirləşirdim, əcaba İranla bağlı onlarla yazı yazasan. amma İranda olmayasan. Gözləyirdim ki, İranın Bakıdakı elçiliyi bir gün məni çağırıb desin ki, səni İrana göndəririk. Çox arxayınçılıq da bir şey deyil. İnsan özünə düvənməlidir. Ya Allah deyib 2014-cü ilin yanvar ayında İranın  Biləsüvar şəhərinə qədəm qoydum. Biləsuvarın  İmam Xomeyni xiyabandakı dükanlarının birində bazarlıq edib, yeməkxanada yeməklərinin dadına baxıb, çayxanada ixtiyar qocalarla çay içib həmsöhbət olub, 5-6 saatdan sonra Bakıya qayıtdım.

İsti yay günlərinin birində Ərdəbilə yola düşdüm. Savalan dağının qarla örtülmüş zirvəsinə baxıb bir anlığa mərhum şair Qasım Qasımzadəni yada saldım.

Sənə həsrət qaldım, tamarzı qaldım,

Axırı gəldim, qucağına a dağlar,

Ərdəbildə ilk gedəcəyim yer Şah İsmayılın alaqapı deyilən yerin yaxınlığındakı məzarı oldu. Ərdəbil səfərindən sonra Təbriz, Urmiya Mahabat ..

Ərdəbil əhalisinin xoş münasibəti, qonaqpərvərliyi haqqında əvvəlki yazılarda geniş yer vermişdim. Ən başlıca İranın paytaxt şəhəri Tehranı görmək idi. Sovet dönəmində mahiyyətcə sovet ideologiyasına xidmət edən  İranın tudəçi yazıçılarının “Qorxulu Tehran” “ Gəcil qapısı” və s. kitablar məndə Tehranla bağlı yeniyetmə vaxtlarımda qorxu, xof yaratmışdır. Amma gördüklərim oxuduqlarımın əksinə oldu. Təbriz şəhərinin terminalından (avtovağzal) axşam saat 7-yə rahat avtobusla Tehrana yola düşürəm. Yolda hamıya şirniyyat, sərin su paylayırlar. Sübhə yaxın saat 4-də Tehrana çatdım. Hardasa yarım saat  terminalı gəzib dolaşdım. Farsca mükəmməl, təmiz danışa bilməsəm də bu dilə az-çoz bələd idim.

Üç gün Tehranda olduğum müddətdə qonaqpərvərlik, səmimiyyət gördüm. Otelin yaxınllğındakı bazarda azərbaycan dilində danışanlar da az deyildir. Bir də fars dilini bilməsəndə, farslar sənin fikrini başa düşür sənə köməy  etməyi özlərinə borc bilirlər. Daha qonşu Gürcüstanda olduğu kimi deyil. Gürcü dilini bilmirsənsə gürcülər sənə cavab verməyəcəklər. Halbu ki, neftimizin hesabına firavançılıq tapıblar. 11 milyona yaxın Tehran əhalisi qardaşlıq  şəraitində yaşayırlar. Fərqi yoxdur fars, türk, bəluc, kürd olsun. Onları İranın dünyada güclü dövlət olması həmişə düşündürüb. Səhər tezdən səfəri başa vurub terminala yola düşdüm. Terminalda dispetçerə yaxınlaşıram. Mənimlə azərbaycan dilində danışır. Tehran-Astara avtobusunun qabaq oturacaqlarının birində məni əyləşdirir. Avtobus yola düşür. Elə bu vaxt müğənni Könül Xasıyevanın xoş avazlı səsi salona yayılır. Onu da deyim ki, İranda  sürücü və sərnişin arasında çox mehriban qarşılıqlı hörmət var.  İranda bizim Bakı şəhərindən fərqli olaraq sürücüyə ağaye ranəndə müraciət edirlər, yəni cənab sürücü. Çox təəssüf ki, bəzi qüvvələr İran-Azərbaycan əlaqələrini gərginləşdirmək, onlara ləkə vurmaq istəyirlər. Onlar iki ölkənin münasibətlərinə xələl gətirərək öz mənafelərini güdməyə çalışırlar.  2015-ci ilin avqust ayında xalqımızın dəvəti ilə İranın məhşur azərbaycanlı din xadimi  Ayətüllah  Nuri Həmədani Bakıya səfər edib, Qafqaz müsəlmanları idarəsinin rəisi Hacı Allahşükür Paşazadənin qonağı oldu. Bakıda, Gəncədə, Şamaxıda onun pişvazına çıxıb, əlinən öpməyi hər bir inanclı insan özünə şərəf bilirdi. Bu zaman Xəzər TV anti İran siyasətinə sanki start verdi. Əhli-beytə bağlı insanları “fars mollasının nökəri” “Bakıda əl öpmə kursları” fotosurətlərin kalikaturasına verməylə məşhur din xadimi müştehit Ayətüllah Nuri Həmadənini əcnəbi adlandırdı. Onun əlini öpənləri isə farsın nökərləri adlandırdı. Xəzər TV bununla nə demək istəyirdi. Olmaya azərbaycanın inanclı  insanları ABŞ-da  gizlənən, Nurçuluq idealogiyasının lideri, Fətulla Gülənin əlini öpməlidirlərmi?

“Arazın bu tayı vətənim, o tayı vətənim deyən Bəxtiyar Vahabzadənin, “ Bir görəydim ayrılığı kim saldı” deyən Şəhriyarın ruhları bizi bağışlasın.

Bəxtiyar Vahabzadə ömrünün sonuna kimi deyərdi “ Mən bu tayın, o tayın da Bəxtiyarıyam”

Azərbaycan respublika əhalisinin 80 faizi şiədir. Əsrlər boyu Azərbaycan xalqının ziyarət etdiyi, gənclərin dini təhsil aldığı yerlər Qum, Məşhəd, Kərbəla, Nəcəf şəhərləri olub. “ Qarabağın azadlığı Aşuradan keçir” Budur xalqımızın şüarı. Məşhur şairimiz Qabilin “ Ümüd sənə qalır Azərbaycan əsgəri “Aşuraya bir işarə deyilmi.Xəzər TV-yə məsləhət görərdim ki, İranın  azərbaycanlı din xadimi Adil Mövlavinin Qafqazda elm dünyasının ulduzları kitabını oxusun.  Bir neçə il əvvəl bu kitabın Qafqaz müsəlmanları idarəsində təntənəli surətdə təqdimat mərasimi keçirilmişdir.

“Kitabda” Həzrət Ayətullah Seyid Əbdül İrəvani, Həzrət Şeyx Bəşir Ərkilani  Lənkərani, Həzrət Ayətülla Seyid Mürtəza Naxçivani və s. cəmi 221 azərbaycanlı Ayətullah.

Rusiya imperiyası işğalı nəticəsində bu din xadimləri hara üz tutmalı idilər? Onlar Əhli-beytə bağlı olan İrana üz tutdular. Mənim cənub bölgəsində anadan olduğum Göytəpə şəhərindən 12 km aralıda Masallı rayonunun Ərkilan kəndi yerləşir. Bu kənd İranda dünyalarını axirət dünyası ilə dəyişən Ayətüllah Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin ata-baba yurdudur. Azərbaycanın görkəmli əhli-beyt alimləri inkarolunmaz bir həqiqətin bariz nümunələridir.

Televiziya təbliğat üçün güclü silahdır, bundan xeyirə də istifadə etmək olar, ziyana da. Təəsüf ki, 2015-ci ildə Xəzər TV ziyana doğru addım atdı. O, Azərbaycanın əhli-beytə bağlı insanlarını  təhqir etdi – Xəzər TV-nin verlişi bir tonqala bənzədi. Bu tonqalın əvvəl tüstüsü, sonra isə alovu göründü. Bu özünü Nardaran hadisələrində bir daha göstərdi.

Tarix boyu Azərbaycan İran xalqı ilə birlikdə siyasi,mədəni, dini sahədə tam müştərək  mövqedən çıxış etmişlər.

Mərhum Heydər Əliyevin ürək sözlərini bir daha yada salmaq istərəm: “Çoxəsrlik tariximizdə biz bu əsrlərin çox hissəsini bir yerdə olmuşuq. Biz bir dinə, eyni köklərə mənsubuq. Bizim adət-ənənələrimiz eynidir. Allah –Təala bizi həmişə bir olmağa dəvət edib, biz də bir olmuşuq, müəyyən səbəblərdən biz İrandan ayrılmışıq. İranda Azərbaycandan ayrılıb. Bu ayrılıq dövründə də biz bir-birimizdən ayrılmamışıq, bir yerdə olmuşuq.

Mirzəağa Məmmədli

Tədqiqatçı jurnalist




reader's comments

Loading...