98 il əvvəlI:

“Türk zabitlərinin xəyanət yolunu tutması Azərbaycanın işğalını şərtləndirdi”

  1. 6 ay əvvəl
  2. 0
az
Badkubeh -

2018-c ilin may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 1920-ci il aprelin 28-də, yəni 98 il əvvəl sovet Rusiyasının işğalı nəticəsində Azərbaycan Cumhuriyyəti süqut etdi. Bu hadisə ilə bağlı mətbuatda gedən müzakirələr,  tədqiqat yazıları tarixşünas alimlərin yazdıqlarından fərqli olaraq bir çox həqiqətləri gün işığına çıxarır.

AXC-nin 100 illiyi ərəfəsində “Kulis.az” internet şəbəkəsində “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, tədqiqatçı jurnalist Arif Əliyev, tarix üzrə  fəlsəfə doktoru Cavid İsmayıl və yazıçı –kolleksiyaçı Dilqəm Əhmədin iştirakı ilə  bu mövzu ilə bağlı dəyirmi masa ətrafında maraqlı müzakirələr olub. Həmin diskussiyalar zamanı bir çox qaranlıq məqamlara aydınlıq gətirən iştirakçılar belə qənaətə gəldilər ki, Azərbaycan Xalq Cumhuriyyətinin süqutunda, başda Nuru paşa olmaqla,  bəzi türk zabitləri az rol oynamayıblar. Belə ki, Nuru paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk ordusu fəaliyyətini bitirəndən sonra türk zabitlərinin bir qismi Bakıda qalmışdı və onlar Azərbaycanın Musavat hakimiyyətindən lazımı dəstəyi ala bilməmişdilər. Azərbaycanlı və rus bolşeviklər bundan istifadə edərək onları qızıla tutmaqla, öz tərəflərinə cəlb etmişdilər.

Cavid İsmayıla görə, bəzi türk zabitlərinin xəyanət yolunu tutması AXC-nin işğalını şərtləndirdi. Onun bu mövqeyi millət vəkili Araz Əlizadənin bir il əvvəl səsləndirdiyi açıqlamanı yada saldı: “1918-ci ildə türk komandanı Nuru Paşa Gəncədə oturaraq  ona qızıl gətirilənə qədər yerindən tərpənməmiş, qızıl gətirilməyəcəyi  təqdirdə ermənilərə qarşı hücuma keçməyəcəyini bildirmişdi. Yalnız  Hacı Zeynalabdin Tağıyev faytonla tələb olunan qızılı ona çatdırandan sonra o, Gəncədən Bakıya doqru hərəkət etdi”.Əsil həqiqətləri açıb ortaya qoyan Araz Əlizadəni qınağa çəkənlər çox yanılırlar. Cavid İsmayılın apardığı tarixi araşdırma nəticəsində aydın olur ki,  M. Ə. Rəsulzadə də gördüyü mənzərədən öz məyusluğunu gizlətməyib:”1920-ci il aprelin 27-də Bakı küçələrində dalğalanan türk bayraqlarına baxanda adama elə gəlirdi ki, Bakını sovet Rusiyası yox, türklər işğal edib.”

Artıq mayın1-dən türk zabitləri öz  bayraqları ilə ortadan yığışdırıldı və kommunist-bolşeviklər nəzarəti tam şəkildə əllərinə aldılar. Tarixi-dəlillər və sübutlardan bir daha bəlli olur ki, AXC -nin sovet Rusiyası tərəfindən işğal olunmasında türk faktoru da müəyyən dərəcədə rol oynayıb.  Azərbaycan tarixçiləri isə bu məsələdə susqunluq nümayiş etdirməyə üstünlük verirlər. Çünki bunun Atatürkə, Türkiyəyə qarşı çıxmaq kimi qiymətləndirilməsindən çəkinirlər. Daha bir dəhşətli fakt isə 1944-cü ildə  baş verib və bu qanlı hadisəni türk tarixçiləri özləri açıqlayıblar. İsmət İnönünün başçılıq etdiyi Cümhuriyyət Xalq Partiyası (CXP) hökuməti Türkiyəyə rəhbərlik etdiyi dövrdə  Stalin zülmündən qaçan 146 Azərbaycan ziyalısı Araz çayının üzərindəki Boraltan körpüsünü keçərək, Türkiyəyə sığınıb.

Stalin Türkiyəyə sığınan Azərbaycan türklərinin dərhal geri qaytarılmasını tələb edib. CXP hökuməti Araz çayının kənarındakı sərhəd məntəqəsinə teleqraf göndərib. Teleqrafda Türkiyə tərəfinə keçənlərin geri qaytarılması əməliyyatının icra olunması əmr edilirdi. Sərhəd məntəqəsinin komandiri gözlərinə inanmır, əmri dəfələrlə təsdiq etdirir. Ancaq Ankaradan, CXP hökumətindən verilən əmr dəqiq və qəti olur: Azərbaycan türkləri qarşı tərəfə təslim edilməlidir. Vəziyyəti başa düşən Azərbaycan türkləri türk əsgərlərinin boynuna sarılaraq, yalvarıb-yaxarır: "Nə olar bizi ruslara təslim etməyin. Bizi burada siz güllələyin. Heç olmazsa, öz torpağımızda, öz qardaşımızın yanında, bayrağımızın altında bizi öldürün", - deyirlər. Ancaq Ankaradan gələn əmr yerinə yetirilir. Boraltan körpüsünü keçən kimi Azərbaycan türkləri körpünün qarşı tərəfində  türk əsgər və zabitlərinin gözü qarşısında əlləri bağlı halda rus əsgərləri tərəfindən güllələnirlər.

Qars şəhərinin mədəniyyət evi və kitabxanasının ilk müdirlərindən olan Təmraz Kəsəmənli Boraltan körpüsündə törədilmiş qətliamın uzun illər boyu xalqdan gizlədildiyini deyib. Bir çox Qars sakininin sovet əsgərlərinə təhvil verilən 146 Azərbaycan ziyalısının Boraltan körpüsündən keçərkən fəryadına şahid olduğunu ifadə edən Kəsəmənli 1944-cü ildə İsmət İnönünün əmri ilə azərbaycanlı türklərini rus əsgərlərinə təslim edən türkiyəli zabitin psixoloji vəziyyətinin sonradan pozulduğunu və onun dəlixanada vəfat etdiyinin məlum olduğunu qeyd edib. Bu xəyanət türk tarixinə qara bir ləkə kimi yazılıb.

Gəlin, indi də özümüzün  şahidi olduğumuz yaxın keçmişimizin “qara ləkələrinə” də bir nəzər salaq. 30 il bundan əvvəl , 1988-ci ilin dekabrında iki günün içində sovet hökuməti ABŞ-ın, Qərbin diqtəsi ilə oturub-duran Qarbaçovun göstərişi ilə 200 min  Azərbaycan türkünü Ermənistandan qovdu, yüzlərlə köçkün ermənilər tərəfindən qətlə yetirildi. 1990-cil il yanvarın 20-də əksəriyyəti rus və ermənilərdən ibarət olan sovet ordusu 300 -dən çox azərbaycanlını Bakı küçələrində qanlarına qəltan etdi. Bu hadisələrdə Türkiyənin seyriçi mövqeyi xalqımızı təəccübləndirməklə bərabər, hədsiz məyus etdi.

Biz bunu unutmamışıq. Bu faciəvi hadisələr sovet hakimiyyətinin dağılması ərəfəsində baş verdi. Belə ki, Türkiyə başının hayına qalan SSRİ rəhbərliyinə nota verib Azərbaycana dəstək ola bilərdi. Lakin bu, baş vermədi.  Yalnız bir helikopter humanitar yardımla işini bitmiş hesab etdi. Türkiyənin mərhum prezidenti Turqut Özal SSRİ və Qərbə xoş gəlmək üçün Türkiyənin sünni, Azərbaycanın isə şiə , panislamist olduğunu bəyan edərək azərbaycanlılardan xeyli uzaq millət olduqlarını dilə gətirdi.

Son vaxtlar Azərbaycan parlamentində bəzi deputatlar Nuru paşaya, Ənvər paşaya heykəl qoyulması ilə bağlı təkliflər səsləndirirlər. Çox yersiz və lüzumsuz təkliflərdir. Keçmiş geridə qalan deyil, keçmiş həm də gələcəkdir. Gəlin keçmişimizdən nəticə çıxarıb gələcəyimizi düzgün quraq.  Hər bir xalq yalnız öz qəhrəmanlarını qiymətləndirməli, xainlər birmənalı olaraq tapılmalı və qınanmalıdır. Tariximizdə ağ ləkələr aradan qaldırılmalıdır. Xalqın varlığı elə tarixin özüdür.

Mirzəağa Həsənalı oğlu

Tədqiqatçı jurnalist




reader's comments

Loading...