Azərbaycan Respublikasında təhsilin keyfiyyəti çox acınacaqlıdır

  1. 1 həftə, 2 gün əvvəl
  2. 0
Məleykə Abbaszadə
Badkubeh -

Abutuyentlərin son illərdəki qəbul göstəriciləri orta məktəb məzunlarının 75 faizinin  çox zəif, aşağı nəticə göstərdiyindən xəbər verir.

 Bu ürək ağrıdan statistika ölkə təhsilinin açınacaqlı durumunu bir daha göz önünə gətirir. Qloballaşmanın geniş vüsət aldığı indiki  dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur.  Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi təhsilin qarşısında duran  əsas vəzifədir. Çünki  xalqın, millətin tərəqqisi təhsildən başlayır.  Daha dəqəiq desək, təhsil millətin tərəqqisinə, inkişaf və yüksəlişə təkan verən amildir.

Müasir dövrümüzdə elmin sürətli inkişafı yeni kadr potensialının yüksək səviyyədə olmasını tələb edir. Azərbaycan Respublikasında elmin inkişafı, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün dövlət  üzərinə düşən vəzifəni yerinə yetirir. Belə ki, təhsilə ayrılan xərclərin həcmi Azərbaycanın  müdafiə qüdrətinin möhkəmlənməsinə çəkilən xərclərdən heç də az deyil. Yəni təhsil sahəsinə büdcədən ayrılan vəsait müdafiə xərclərinə ayrılan xərclərdən sonra gəlir. Bəs onda qəbul gəstəricilərinin, təhsilin keyfiyyətinin  ildən- ilə aşağı düşməsinin səbəbi və ya səbəbləri nədir?

   Təhsil ekspertlərinin fikrinə görə, Azərbaycanda bu sahədə olan mövcud   potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan hər şey  məhv edilib. O cümlədən, hər hansı yenilik edərkən ölkə təhsilinin spesifik xüsusiyyətlərinə daha dərindən bələd  olan yerli mütəxəssislərə deyil, əsasən xarici ekspertlərə üstünlük verilib.

 Mütəxəsizlərin sözlərində böyük həqiqət yükünün olduğu danılmazdır. Həqiqətən də müstəqilliyin ilk dövründən orta təhsil təcrübə laboratoriyası funksiyasını daşımağa başladı. Sovet sistemindən birdəfəlik imtina edib qərb təhsilini keyfiyyətli şəkildə mənimsəyə bilməyən təhsil nazirliyi  ənənəvi təhsillə avropa təhsili arasında yaratdığı labirintdə ilişib  qaldı.

Misir Mərdanovun təhsilin başına gətirilməsi ilə Azərbaycanın ən böyük fəlakətinin əsası qoyuldu. Kadrları yerliçilik və qohumbazlıq prinsiplərinə əsasən seçən nazirin səyi ilə  təhsildə rüşvət və korrupsiya özünün çicəklənmə  dövrünə qədəm qoydu. Qazanmaq ehtirası və düşüncəsi aşıb-daşan nazir və ətrafı  dərsliklərin dərc edilməsindən tutmuş, məktəbli geyimi və məktəb tikintisinə qədər hər sahədən milyonlar silməyi  yaxşı bacarırdı. Həmin dövrdə bütün ölkə boyu büdcə talamaları geniş vüsət aldığından digər sahələr kimi təhsil də nəzarətdən kənarda qalmışdı.

Havaların isti keçməsi ilə əlaqədar dərs ilinin başlanmasının sentyabrın 1-dən 15-nə çəkilməsi barədə absurd qərarın qəbul edilməsi dərs günlərinin sayının azalmasına və buna müvafiq olaraq dərs həftəsinin 35-dən 32-yə endirilməsi, dərsliklərin hər il dəyişdirilməsi və s. bu kimi yeniliklər də şübhəsiz ki, şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə mənfi təsirini göstərirdi. Mərdanovun vəzifəsindən uzaqlaşdırılması isə vəziyyəti nəinki düzəltmədi, əksinə durumu daha da kəskinləşdirdi. Yeni gələn nazir problemleri həll etmək əvəzinə, sələfinin açdıqı ciğirla yoluna davam etdi. Dərsdliklərin yazılması kimi məsuliyyətli iş qohumluq, tanışlıq, rüşvət hesabına səriştəsiz, savadsız adamlara tapşırıldı. Sonra gələn də vəziyyəti dəyişdirmək iqtidarında deyil. Və beləliklə də rüşvət və korrupsiya ölkə təhsilini çökdürməkdə davam etməkdədir. Bu gün təhsilin təməli sayılan ibtidai sinif dərsliklərinin başdan -başa səhvlərlə doldurulması, bəsit , anlaşılmaz mətnlər, uşaqların yaşına uyğun olmayan tərzdə yüklənməsi  elə bir fikir yaradır ki, hansısa gizli əllər Azərbaycanda şagirdlərin savadsız böyüməsi, mənəvi baxımdan şikəstə çevrilməsi üçün var gücü ilə çalışır.

 Son 15-20 il ərzində təhsilimizdə əmələ gələn dərin çatları qısa müddətdə bərpa etmək isə  praktiki cəhətdən mümkün deyil və bunun üçün on illər tələb olunur.  

Vüsalə Muradlı




reader's comments

Loading...