“Azərbaycanda millətin yaşaya biləcəyi mexanizm pozulub”

Bakıda “Koroğlu” metrostansiyasının yanındakı körpüdən özünü atıb intihar edənlərin və buna cəhd edənlərin sayı xeyli çoxaldıqdan sonra qarşısını almaq üçün bura mühafizəçi təyin etdilər. Özünə qəsd edənlərin sayı azaldımı? Əksinə, artıq Azərbaycan intihar edənlərin sayına görə rekord göstərici əldə edib. Təkcə Bakıda deyil, bölgələrdə də hər gün bir neçə intihar xəbərlərini eşitməyə artıq adət etmişik

  1. 2 ay, 1 həftə əvvəl
  2. 0
az
Badkubeh -

“Ölkədə iş yox, beyin axını baş verib. Azərbaycan nümunəvi ölkə olsaydı, ermənilər özləri barışığa maraq göstərərdilər. Mənim üçün ən dumanlı olan Azərbaycanın gələcəyidir. “

Azərbaycanın məşhur yazıçısı, əməkdar incəsənət xadimi, filologiya  elmləri doktoru , 89 yaşlı professor, uzun illərdir Moskvada yaşayan  Çingiz Hüseynovun bu açıqlaması  hər bir kəsi düşündürməlidir. Vətənini sevən hər ziyalı, hər vətəndaş  ciddi narahatlıq doğuran mövcud duruma seyrçi qalmamalıdır.

Mən Qarabağ münaqişəsinin həllini ABŞ, Qərb ölkələri, Rusiyada axtaranlara dəfələlərlə mətbuat vasitəsilə demişəm ki, torpaqlarımızın işğaldan azad olunması yolu öz əlimizdədir. İqtidar və xalq arasında güclü milli birlik olarsa, rüşvət, korrupsiya, regionçuluq aradan qalxarsa, vətəndaş ona məxsus imtiyazlardan  tam şəkildə yararlana bilərsə və konstitusion hüquqları pozulmazsa demək Qarabağın açarı da öz əlimizdə olacaq. Əgər torpaqları işğal altında olan bir məmləkətin məmurları xalqın və dovlətin sərvətini talayıb eyş-işrətlə məşğul olursa, gözləri haram puldan doymursa, ölkənin  təhlükəsizliyinə cavabdeh olan keçmiş milli təhlükəsizlik nazirliyi ”Əlibaba və 40 quldur” cildində  dövlətin bünövrəsini qazıb laxladır və nəhayət cinayət məsuliyyətinə cəlb olunursa, bir çox məmur –oliqarxlar “dövlət içində dövlət” yaradıb balaca padşahlara çevrilirsə onda biz hələ uzun illər Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk Qrupundan, BMT-dən və digər qurumlardan gözləyəcəyik.

Bu ilin mart ayında mətbuatın məlumatına görə 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Azərbaycan Beynəlxalq Bankın keçmiş müdiri Cahangir Hacıyevin 37 milyonluq əmlakı satışa çıxarılıb. Dövlətə külli miqdarda ziyan vuran həbsdəki bankirin “Bakı Fındıq Emalı” müəssisəsi hərrac yolu ilə satılıb. Sahibkarın əl-qolunu bağlayıb talançılıqla məşğul olan məmur oliqarxlar dövlət tərəfindən ağır cəzaya məhkum olunsalar da, yerdə qalanlar bildiyini yenə edir. Sanki bu ölkənin Qarabağ dərdi yoxdur.

Gündəlik sosial və  məişət  problemlərinin məngənəsində çabalayan  əhaliyə gəlincə, onları bitirən  məsələlərin vaxtında həllini   tapmaması yenə də məmur  özbaşınalığından, süründürməçiliyindən,  məsuliyyətsizliyindən qaynaqlanır. Bütün bu problemlər insanları o qədər bezdirib ki, sovet dövrünün nostalgiyasını yaşayır, o günlərin həsrətini çəkilrlər. Onları haqsız da saymaq olmaz. İnsanlar, xüsusilə yaşlı nəsil sovet dövründə şikayətlərə vaxtında baxıldığını, bürokratik süründürməçiliyə yol verən məmurların  xəbərdarlıqdan nəticə çıxarmadıqda, Moskvaya göndərilən adi bir ərizədən dərhal sonra işdən azad edilərək  məsuliyyətə cəlb edildiklərini, müstəqillik dövründə isə  şikayətlərə baxılmadığını, insanların vəzifə sahibləri tərəfindən get-gələ salındığını  deyirlər. Əhali arasında yiyəsiz ölkə təəssüratı getdikcə  möhkəmlənməkdədir. Ən qəribəsi isə  yerli qurumlardan müvafiq dövlət orqanlarına, nazirliklərə göndərilən şikayət  ərizələrinin baxılmaq üçün yenidən narazılıq yaradan  vəzifəli  şəxslərə göndərilməsidir.

Bakıda “Koroğlu” metrostansiyasının yanındakı  körpüdən özünü atıb intihar edənlərin və buna cəhd edənlərin  sayı xeyli çoxaldıqdan sonra  qarşısını almaq üçün bura mühafizəçi təyin etdilər. Özünə qəsd edənlərin  sayı azaldımı? Əksinə, artıq Azərbaycan intihar edənlərin sayına görə rekord göstərici əldə edib. Təkcə Bakıda deyil, bölgələrdə də hər gün bir neçə intihar xəbərlərini eşitməyə artıq adət etmişik.

Keçən il payızın sonlarında Biləsuvardan Bakıya qayıdarkən yol boyu gördüklərim məni az sarsıtmadı. Geniş sahələrdə kolda qalan yığılmamış çoxlu pambıq məhsulu artıq torpaqa qarışmşdı. Maşının sürücüsü narahatlığımı hiss edib dedi ki, bu hələ harasıdır, Salyanda gördükləriniz sizi dəhşətə gətirəcək. Həqiqətən də acınacaqlı səhnə idi. Ağappaq pampıq  sahələri göz oxsasa da məhsulu  yığan yox idi. Səbəb isə pambığın kəndliyə qazanc  gətirməməsidir. Daha dəqiq desək, dövlətin ayırdığı subsidiyaların kəndlilərə yetişmədən məmurlar tərəfindən mənimsənilməsi, buna görə də pul qoyub  zəhmət çəkən kəndlinin pambıq yığıb satmaq üçün stimulunun  olmamasıydı. Dövlət başçısına isə kağız üzərində yalan və şişirdilmiş məlumatlar verilir, bu hesabatların yoxlanmasında cavabdeh olan şəxslər də eyni korrupsiya bataqlığına yuvarlandığından “pripiska” bəlasının ümumi zərbəsi dövlətin  büdcəsinə, ölkənin  imicinə dəyir, xalqın rifahının getdikcə pisləşməsinə gətirib çıxarır.

Azərbaycan telekanallarının vəziyyətindən isə danışmağa belə dəyməz. Əsas missiyası maarifçilik olan, amma əks istiqaməyə yönəlmiş  proqramları izləyənlərin sayı da getdikcə azalmaqdadır. Azərbaycan insanı hazırda  daha çox Rusiya və Türkiyə kanallarını seyr edir. Plagiat proqramlar, basmaqəlb və  daha çox şou yüklü verilişlər də süni, bayağı, mənasız və lüzumsuz mövzuları ilə insanları iyrəndirir, zövqləri korlayır. Savadlı  və geniş dünyagorüşünə malik peşakar jurnalistlər aylarla onsuz da az olan   maaşlarını ala bilmədiklərinə görə,  kanalları kütləvi şəkildə tərk edirlər. Kadr axını isə təbii ki,  verilişlərin səviyyəsinə, keyfiyyətinə  olduqca mənfi təsir göstərir. Çünki gedənlərin  yerini savadsız, məddahlıq və saxtakarlıq üzrə peşəkarlar,  efir mədəniyyətindən məhrum təcrübəsiz adamlar, rəqqasə, müğənni və artistlər tutur. Efirlərdə at oynadan qadın cildində “kişilər ”, kişi cildində “qadınlar” sanki millətin mənəviyyatını  pozmaq üçün bir- birləri ilə yarışa giriblər. Onların günün günorta çağında qeyri-etik hərəkətləri,  açıq-saçıq geyimləri, özlərini həddən artıq sərbəst aparmaları efirə cavabdeh şəxslərin diqqətindən nədənsə çox vaxt “yayınır”. Təqdim olunan verilişlərdə vətən-millət anlayışı, Qarabağ problem ya çox zəif, ya da ümumiyyətlə işıqlandırılmır. Dünya şöhrətli yazıçı Çingiz Abdullayevin acı da olsa həqiqəti əks etdirən fikirləri burda yerinə düşür: “ Bu nə millətdir ki, torpağı 20 faiz işğal altındadır, amma səhərdən axşama qədər telekanallarda yalnız restoranların reklamı, şou proqramlar verilir? Doğrudan da biabırçılıqdır. Görünür biz torpağı fikirləşmirik. “

Ölkənin taleyüklü məsələlərini, saysız problemlərini işıqlandırmaq missiyası daşıyan mətbuatın  vəziyyəti də qətiyyən ürəkaçan deyil. Əksəriyyət qəzetlərin, saytların yerləşdiyi “Azərbaycan”“ nəşriyyatına ayaq qoyanda adamın istər-istəməz ürəyi sıxılır. Deyirlər, evin mədəniyyət evin girişindən bəlli olar. Bəzi qəzet və sayt redaktorları reketçiliklə və digər şübhəli işlərlə məşğul olaraq,  vaxtı ilə hörmətlə yad edilən  bu binanın adını da biabır ediblər. Sifarişlə kimləri isə vurmağa yönələn məqalələr, məddahlıq və yaltaqlıq dolu  yazıları oxuduqca   insanın ürəyi bulanır.  Yeri gəlmişkən, indi öz peşəsinin vurğunu və peşəkarı olan jurnalistlər artıq çörək pulu dərdindən başqa sahələrə üz tutur, fəhləlik edir, daş daşıyır, ən pisi isə başqa məmləkətlərə üz tuturlar. Axı bu ölkədə vicdanlı qələm sahibləri halal yolla pul qazana bilmək üçün necə deyərlər “iynə ilə gor” qazmalı olurlar. Bütün bu çətinliklərə dözüb müstəqilliyini qoruyan, azad və ədalətli sözün keşiyində dayanaraq   vicdanına sahib çıxanların sayı da  bu səbəblərdən  ölkədə az qala barmaqla sayılacaq qədər az qalıb. Vaxtilə millətin dərdinə qalaraq insanların problemlərini həll edən jurnalistlərin özlərinə indi kömək edən lazımdır.

Ölkəmizin dərdi  saymaqla qurtaran deyil. Məhəmməd Füzuli demişkən: “Dərd çox, həmdərd yox, düşmən qəvil, tale zəbun.”

Mən adətən, xalq tərəfindən qəbul edilən və sevilən məşhur ziyalılarımızdan sitat gətirməyi xoşlayıram. Bu yazımı da Azərbaycanın məşhur xalq yazıçısı,  dramaturq və kinorejissor,  əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyovun düşündürücü  fikirləri ilə bitirmək istəyirəm: “Azərbaycanda millətin yaşaya biləcəyi mexanizmi pozulub.  Hər bir millət öz elitası hesabına mövcuddur. İndi o yoxdur. Ən əsası isə onun formalaşması mexanizmi pozulub. Ondan qalanlar isə həyatın kənarına atılıb. Milli elitası olmayan ölkənin gələcəyi yoxdur.”

Mirzəağa Həsənalı oğlu



reader's comments

Loading...