Gürcüstanın Azərbaycan Respublikasına növbəti xain addımı

  1. 6 ay, 2 həftə əvvəl
  2. 0
gurcistan
Badkubeh -

Rusiya və Gürcüstan “Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb. Müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq. Bundan əvvəl isə Axalkalakidə erməni cəlladına heykəl ucaldılıb. Azərbaycanın Gürcüstana saysız-hesabsız yaxşılıqlarının, dəstəyinin olmasına baxmayaraq, işğalçı Ermənistana Tiflisin dəstək verməsi təəccüb doğurmaya bilmir. Burada mütləq bir kənar güc, amil də var. Azərbaycanla Gürcüstan arasında illərdir mövcud olan mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinə nə üçün xələl gətirilir? Biz nə zaman gürcülərə pislik elədik? Bu dövlətə ən ağır günlərində iqtisadi dəstəyini verən də, Rusiya ilə münasibətlərinin gərgin vaxtında əlini daşın altına qoyub Gürcüstana investisiya yatıran da, ən ucuz qazı bu ölkəyə satan da biz olmuşuq. Hətta onların kilsələrinə pulsuz qaz vermişik.

Amma Azərbaycan Qarabağ terrorçusuna büst qoyan Gürcüstana qarşı adekvat addım atmayıb, müharibədə ölmüş hansısa osetin və ya abxazın heykəlini Bakıda yaxud Qazaxda ucaltmayıb. Niyə qonşularımız torpağı işğal edilən, xalqı zərər çəkən Azərbaycana yox, Ermənistana sevgisini göstərir? Bunun arxasında Rusiyadan təzyiq, Qərbin istəyi, yoxsa xristian amili dayanır? Siyasi ekspertlər hər üç amilin rol oynadığını qeyd etsələr də mənim düşüncəmə görə, əsas səbəb sonuncu amildir.

Məhz bu xristian amili 30 ilə yaxındır Qarabağ münaqişəsini Qordi düyününə çevirib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının bunca uzun sürməsinin kökündə sözsüz ki, ilk növbədə  xristian amili, daha doğrusu, xristian təəssübkeşliyi dayanır. Heç şübhəsiz ki, həm də bu amildən məharətlə yararlanan erməni tərəfi on illərdir BMT başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qətnamələrini qulaqardı edir, beynəlxalq təzyiqlərdən yayınır. Beləcə, sanksiyalarla üzləşməli olan Ermənistan tam əksinə, gizli-açıq şəkildə himayə olunmaqdadır. Müşahidələr göstərir ki, Türkiyəyə qarşı qondarma soyqırım iddiasından istifadə edən bir çox Qərb paytaxtları Azərbaycana münasibətdə də Qarabağ “rıçaqı”ndan kontur-təzyiq vasitəsi kimi istifadə edir. Hər halda, belə olmasaydı, Krımın ilhaqına görə 3 ildir Rusiyaya maliyyə-iqtisadi sanksiyalar tətbiq edən ABŞ və Avropa Qarabağ separatçılarına və erməni işğalçılarına da sərt üzünü göstərər, öz ərazilərində separatçıların rahat mənzillənməsi və səfərlər eləməsinə şərait yaratmaz, təcavüzkar Ermənistana da sanksiyalar tətbiq edərdi.

Mirzəağa Məmmədli



reader's comments

Loading...