Gürcüstan Tatları

Biz azərbaycanlı deyilik bu səhvdir!

  1. 4 həftə əvvəl
  2. 13
Tatlar
Badkubeh -

Bu insanlar Gürcüstanda artıq yüz ildən çoxdur ki, yaşayırlar. Hazırda onların sayı təxminən yüz əlli nəfərə yaxındır. Öz dillərində danışır və özlərini lahıc adlandırırlar.

Bu etnonimli xalq heç yerdə qeydə alınmayıb. Əvvəllər onları tatar(türksoylu bir xalq) adlandırırdılar, 1939-cu ildə baş verən əhalinin ümumi siyahıya alınmasından sonra onları azərbaycanlı hesab etməyə başladılar. 

“Amma biz özümüzü azərbaycanlı saymırıq. Dilimiz hələ yaşayır, amma artıq məhv olmaq üzrədir. Sayımız getdikcə azalır, bir azdan bu dildə danışmağa adam da olmayacaq. Əlbəttə, etnik qrupumuzu rəsmi şəkildə qeydə almaq yaxşı olardı, amma kim bununla maraqlanacaq ki?”, – Gürcüstanın Kaxeti regionunda Qombori kəndinə gələndən sonra yerli sakinlərlə etdiyim söhbətləri təxminən bu cür ümumiləşdirmək olar.


Bu kənd Tbilisini Kaxeti ilə birləşdirən Qombori aşırımında yerləşir. Buradan paytaxta təxminən 55 kilometr yol var. Kənd kifayət qədər böyük hündürlükdə yerləşir – dəniz səviyyəsindən 1,130 metr, onu qalın meşəlik əhatə edir. Məhz meşə Gürcüstana o vaxtkı Bakı quberniyasından gələn lahıclı tatların ilk qrupunun bu yeri seçməsi üçün əsas amil olub. Onların gəldiyi Lahıc adlanan qəsəbə hazırda Azərbaycanın İsmayıllı rayonunda yerləşir.

Meşə köçkünlərə pis havadan gizlənmək, yemək tapmaq və ən əsası pul qazanmaq imkanı verirdi: ağacları kömürə çevirib, satmaq olardı.
“Əvvəlcə ancaq kişilər gəlirdi, – kənd sakini, ehtiyatda olan gizir Ayvaz Cəfərov danışır. – Onlar kömür yandırmaqla məşğuluydular, o vaxtlar taxta kömür dəmirçixanalarda və əritmə sobalarında geniş istifadə olunurdu. Hərçənd kömür elə ev məişətində də xüsusilə populyar idi – ondan samovar qalamaq və kabab bişirmək üçün istifadə edirdilər”.

Köçkünlər əvvəlcə regionun hər yerində, iş və ev tapdıqları yerlərdə məskunlaşırdılar. Yerlərini rahatlayandan sonra ailələrini də gətirməyə başladılar. Nəticədə İkinci Dünya Müharibəsinə qədər lahıclı tatlar birdəfəlik Qombori kəndində cəmləşdilər. 

“Lahıcdan niyə köçdük? Bu suala cavab vermək üçün VII əsrdən başlamaq lazımdır. Bu, Sasanilər sülaləsindən olan fars hökmdarlarının vaxtıydı, o vaxt əcdadlarımız indiki İranın ərazisindən köçmüşdülər”, – Ayvaz Cəfərov danışır.
“XVII əsrdə Lahıc artıq çiçəklənən sənət mərkəzinə çevrildi. Orada soyuq silah və mis əşyalar hazırlayırdılar. Ticarət inkişaf edirdi, insanlar imkanlı həyat sürürdülər. 

 Bu, XIX əsrə qədər davam etdi, maşınlar meydana gələndən sonra məmulatların misdən əllə hazırlanması kəskin şəkildə azaldı. İşsizlik baş qaldırdı. Bundan əlavə, tez-tez iğtişaşlar baş verirdi. Lahıclılar qəsəbəni tərk etməyə və yeni məskənlər axtarmağa başladılar. Onların bir hissəsi də Gürcüstana gəldi”. 


Ayvaz Cəfərovun valideynləri Qomboriyə 1930-cu illərdə, digər 20 ailə ilə birlikdə gəlib. Kişilər bir komanda kimi işləyir, kömür yandırır, qadınlar ev təsərrüfatıyla məşğul olurdular.

Halbuki “ev təsərrüfatı” nisbi anlayışıydı, çünki onlar uzun müddət sadəcə meşənin içində, samandan düzəldilmiş komalarda yaşamışdılar. Və ancaq bir az pul toplayandan sonra, kənddəki qohumlarına qoşulub, özlərinə kiçik evlər tikə bildilər, mal-qara saxladılar.


“İkinci Dünya Müharibəsi başlayanda bütün kişiləri cəbhəyə apardılar. Çoxları həlak oldu. Atam da müharibədən qayıtmadı, onu heç vaxt görməmişəm, atamı 1942-ci ildə apardılar, mən 1943-cü ildə anadan oldum”, – Ayvaz Cəfərov danışır.

“Kənd sovetində doğum haqqında şəhadətnamə verilən zaman anamdan yoldaşı haqqında sənəd təqdim etməsni istədilər, onunsa əlində heç bir sənədi yoxuydu. Gürcü dilini bilmirdi və demək olar ki, heç nə başa düşmürdü. Ona görə də soyadımla bağlı kazus yarandı. 

– Oğlunun adı nədir? – ondan xəbər alırlar.


– Ayvaz – cavab verir. 

– Bəs atasının adı nədir?

– Cəfər.

– Deməli, Ayvaz Cəfərov”.

Buradakı bütün lahıclı tatlar soyadlarını belə aldılar, çünki etnosun ənənəsində o vaxt ancaq adlar var idi. Bu gün onların arasında geniş yayılmış İsmayılov, Məmmədov, Əliyev kimi soyadları beləcə yarandı.

Rus hərbçiləri həmişə bu yerə maraq göstəriblər. Gürcüstan Rusiya İmperiyasının tərkibinə keçən kimi burada hərbi bölmələr yerləşdirməyə başladı: 1801-ci ildə artilleriya, sonra da atıcı batalyon gəldi. Rus zabitləri öz ailələrini gətirir və “sloboda” adlandırdıqları kəndi abadlaşdırırdılar.

XIX əsrin axırlarına yaxın, yəni tatlar köçürülənə qədər Qombori kəndinin əhalisinin sayı 600-ə yaxın idi, onların demək olar ki, hamısı ruslarıydı. 

Sovet dövründə burada kifayət qədər inkişaf etmiş infrastrukturu olan iri hərbi baza yerləşirdi, tərkibində raket briqadası da vardı.

O vaxtlar əksər tat kişiləri daimi hərbi qulluğa düzəldilər, qadınlar isə hospitalda təsərrüfat sahəsində işləməyə başladılar. 
Tatların sayı yavaş-yavaş artırdı və 1989-cu ildə 400-dən çox oldu. Həyat sanki öz axarına düşürdü. 
Amma bu zaman gözlənilməz dəyişikliklər baş verdi: Sovet İttifaqı dağıldı və hərbi baza ləğv olundu. Rus hərbçiləri öz ailələri ilə birlikdə buradan köçdü.

Bütün hərbi əmlakı Rusiyaya daşımaq mümkün deyildi. Raketləri və iri texnikanı göndərdilər, yük maşınlarını isə ya saxladılar, ya da yerli sakinlərə satdılar. Qomboridə onlar hələ də işləyir, təsərrüfatda istifadə olunur.

Hərbi baza ləğv olundu, sovet kolxozu bağladı və tatlar işsiz qaldı. Gənclər çörək pulu qazanmaq üçün kəndi tərk etməyə başladılar.

“Bu gün kənddə əsasən təqaüdçülər yaşayır. Əcdadlarımızın adət-ənənələrini xatırlayanlar artıq həyatda yoxdur”, – kəndin 83 yaşlı sakini Sənəm Bəhramova deyir.

Ötən əsrin 1960-cı illərində Qomboriyə Gürcüstanın şimal-şərqində yerləşən yüksək dağlıq regionu olan Pşav-Xevsuretiyadan ekoloji mühacirləri köçürdülər və 1964-cü ildə artıq Qombori əhalisinin əksəriyyətini gürcülər təşkil edirdi.

Tatlar deyirlər ki, bir çox mədəni və məişət elementlərini gürcü qonşularından götürüblər. 
“Olur ki, biz də xristian kilsəsinə gedirik. Gürcülərlə birlikdə dini bayramları qeyd edirik, gürcülər də bizimlə birlikdə müsəlmanların Qurban bayramını qeyd edirlər”, – üç övladı və altı nəvəsi olan Şabacı Paşayeva deyir. 
O, hətta mənim arxamca qaçıb dedi ki, tatlar'da gürcülərdən nümunə götürüb, qohumlar arasında nikahlardan imtina ediblər, halbuki islam buna imkan verir.

“Azərbaycanda yaşayanda həmin ölkənin ənənələrinə riayət edirdik, alkoqol içkilərdən uzaq dururduq, donuz əti yemirdik. Gürcüstanda isə belə qadağalarımız yoxdur və biz kulinariyada daha sərbəstik.

Əksər vaxtlarda ailədə müxtəlif üsullarla hazırlanmış düyü və ət – qoyun, mal və donuz əti olur. Bəli, donuz, yanılmadım. Demək olar ki, hamımız donuz əti yeyirik. Bir də bizdə şəkərli kökə və turş süddən hazırlanmış göyərtili şorba olur”.

“Qomboridə iki məktəb olub: gürcü və rus. Tatlar özləri qərar verirdi , uşaqlarını hansı məktəbə qoysunlar. Mən rus məktəbini bitirmişəm, nəvələrim isə gürcü məktəbinə gedir”, – Şabacı Paşayeva deyir.

Ümumiyyətlə, biz dörd dildə sərbəst danışırıq. 
“Gürcülərlə gürcü dilində danışırıq. Rus dilində də yaxşı danışırıq, halbuki kənddə bu dildən az-az istifadə edirik. Olsa-olsa kənddə yeganə rus qonşumla danışıram”, – Şabacı Paşayeva deyir.

Tatlar evdə daha çox öz dillərində danışırlar.

“Tatların öz dilində yazmaq imkanı yoxdur, bizim heç vaxt öz yazımız olmayıb, – Şabacı Paşayeva deyir. – Biz, orta və yaşlı nəsil lahıc (tat) dilini yaxşı bilirik. Uşaqları da öyrədirik, amma gənclər artıq bu dildə həm evdə, həm də həmkəndli tatlarla danışmağa utanır. Mənsə çox istərdim ki, əcdadlarımızın dilini itirməyək”.

Bizlər şiəyik.
Gürcüstanda müstəqillik bərqərar olandan və dini azadlıq əldə ediləndən sonra kəndin evlərindən birində onlar ümumi səylərlə kiçik bir ibadətxana qurublar, buranı məscid adlandırırlar. Burada Qomborinin müsəlman sakinləri namaz qılır, dini mərasimlər keçirir, dini bayramları qeyd edirlər.

2014-cü ilin siyahıya alınmasına əsasən, Qombori kəndində 304 şərti “azərbaycanlı” yaşayır. Onların hamısı tatlardır. 1989-cu illə müqayisədə müsəlman əhalisinin sayı iki dəfədən çox azalıb.

Tatlar xaricə, Gürcüstanın müxtəlif regionlarına köçür, buna görə də onların dəqiq sayını müəyyən etmək mümkün deyil. 
Onlar kəndi əsasən sosial-iqtisadi amilə görə tərk edirlər. 100 ildən çox əvvəl dolanmaq və sağ qalmaqdan ötrü gəldikləri yer indi onların yaşayışı üçün yararlı deyil. Meşədə ağac kəsmək qadağandır, artıq kömür yandıran yoxdur, işlədikləri hərbi hissələrdən heç nə qalmayıb. 
Bircə şey qalır – meşəyə gedib, satış üçün giləmeyvə, meşə meyvələri və göbələk yığmaq. 
Bu işlə gənc ailəli kişilər məşğul olur.
Xanımları isə meşədən toplanan məhsulu yol kənarında satırlar.

Qoça Xundadze


reader's comments

Loading...