Azərbaycan Respublikasında IX –XVIII əsrlərdə tikilən çoxsaylı məscidlərdə İran memarlıq ənənələri özünü aydın göstərir

  1. 10 ay, 3 həftə əvvəl
  2. 0
yazd
Badkubeh -

İslam ölkələrində məscidlər təkcə ibadət üçün nəzərdə tutulmurdu, eyni zamanda, insanların bir araya gələrək mühüm məsələləri müzakirə etmələri, basqa sözlə desək,  insanlar arasında ünsiyyəti gücləndirmək məqsədi daşıyırdı. IX-XVIII əsrlərdə Azərbaycan ərazisində çoxsaylı şəhər, kənd və məhəllə məscidləri inşa edilib ki,  bu möhtəşəm tikililərdə İran memarlığı ənənələri özünü aydın göstərir.  Azərbaycanda  İslam memarlığının dəyərli abidələrindən bir çoxu məhz Bakı və Abşeron məscidləri hesab olunur.     

XI-XII əsr dini tikililər içərisində Sınıq qala adı ilə tanınan Məhəmməd məscidi bu abidələr içərində əsasən qədimliyi ilə fərqlənir. Abidənin ilk adı barədə yazılı məlumat qalmasa da, 1723-cü ildə Rusiya çarı I Pyotrun Xəzərsahili boyu işğalı zamanı Bakı atəşə tutulduqda məscidin minarəsi zədələndiyindən el arasında ona «Sınıq qala» adı verilib. Bakının dövrümüzə qədər gəlib çıxmış bu ən qədim  məscidi  İçərişəhərdə   yerləşir. Minarənin XI əsrdə tikildiyi ehtimal olunur.

XV əsr dini tikililəri içərisində dövrünün memarlıq üslubu xüsusiyyətləri ilə diqqəti çəkən bir neçə abidə içərisində Mərdəkan kəndində yerləşən Tübaşahi məscidini xüsusi qeyd etmək olar. Girişin üstündəki kitabədə onun inşasının hicri tarixi ilə 886-cı ildə (1481-1482-ci il) aparıldığı və sifarişçisi Tübaşahi adı qeyd olunur.

masc

XIII-XIV əsrdə Bakı və Abşeronun bəzi iri kəndlərində Xıdır məscidi (1301-ci il), Mirzə Əhməd məscidi (1345-ci il), Gilək məscidi (XIV əsr), Çin məscidi (XIV əsr) və b. kimi məhəllə məscidləri də tikilib. Onların çox az hissəsi öz əvvəlki görkəmini qoruyub saxlayib. Binaların dağılmasına zamanın rüzgarlarından daha çox, Azərbaycanda 70 il sürən ateist rejim mənsublarının vandallığı  güclü təsir göstərib. Bu məscidlərin çox da böyük olmayan prizmavari həcmləri adətən oxvari tağbəndlə örtülmüş geniş bir ibadət zalından ibarətdir ki, İran şəhərlərində belə quruluşda məscidlərə çox rast gəlmək olur.  Belə ki, onların bəzək elementləri giriş və pəncərə aşırımlarının sadə şəkildə haşiyə, seyrək yerləşdirilmiş ornamentli medalyonlardan təşkil edilməsi oxşarlığı daha da artırır. Onların interyerlərini yalnız səliqəli şəkildə işlənilmiş və detallarla aydın çəkilmiş kiçik mehrablar bəzəyir.

masc2

Tarixin sonrakı dönəmlərində Bakıda və Abşeronda müxtəlif quruluşlu məscidlər inşa edilib. Bundan başqa Bakı kəndlərində digər tarixi abidələr də həddən artıq çoxdur.

Bakının Bülbülə kəndində vaxtilə "İmamzada" adlanan, sovetlər dovründə vəhşicəsinə daqıdılan dini abidənin qədim yazılı daşları tapılaraq kənd sakinləri tərəfindən böyük məhəbbətlə toplanıb, qədim abidənin yenidən bərpa edilməsi üçün addımlar atılıb. Tarixi sənədlərə görə, Gəncədə yerləşən "İmamzada" türbəsində İmam Muhəmməd Sadiq(ə)in qardaşı Mövlanə İbrahim dəfn olunub. Bülbülə "İmamzadası"nda isə beşinci imam Muhəmməd Baqirin(ə) övladı Muhəmməd Sadiq, onun xanımı və həmçinin, nökəri dəfn olunub. Onların dəfn olunduğu məkan indiyə qədər məşhur ziyarətgahlardan biri olaraq qalmaqdadır. Bu baxımdan, ekspertlər  Bülbülə "imamzada"sının 7-ci əsin sonu, səkkizinci əzrin əvvəlinə aid edirlər. Tarixi sənədlərdən məlum olur ki, Şah Abbas 1623-1624-cü illərdə bu müqəddəs məkanı  ziyarət etmiş, onun təmir-bərpa işlərinə  maliyyə köməyi etmişdir. Bu ziyarətgahı XX əsrin əvvəllərinə qədər, daha dəqiq desək, Azərbaycanda sovet haskimiyyəti qurulduğu ilk illərə qədər  dünyanın bir çox müsəlman dövlətlərindən ziyarət etməyə gəliblər.

Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur “Gülüstani İrəm” əsərində belə qeyd etmişdir:

Aran şəhərlərində yüksək dərəcəli üç İmamzadə Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur.

maaxx

Bülbülə "İmamzadası"nın dünyanın böyük müsəlman dövlətləri tərəfindən tanınması və bura zəvvarların axını  sovet rəhbərlərini ciddi narahat edib. Bu axının qarşısını almaq üçün ən qorxunc planlar hazırlanıb. Nəhayət 1936-37 -ci illərin "qara tufanı "Bülbülədəki" İmamzada"daya  da yetişib. Ziyarətgahın sökülməsinə qarşı çıxan yaşlı nəslin nümayəndələri  kənddən sürgün edilib. Lakin yenə də yerli camaat arasında bu müqəddəs məkanı sökməyə razı olanlar tapılmayıb. Hökumət Dağıstandan 100 nəfər ləzgi gətirərək bu alçaq işi onların əli  ilə görmək iştəyib. Lakin ləzgilər buranın dini məkan oldğunu biləndən sonra oranı sökməkdən imtina edərək geri qayıdıblar. Hökumət əcnəbiləri bura gətirməyə məcbur olub. "İmamzada"nın divarlarına kanat bağlayıb "MAK" avtomaşını vasitəsilə binanı dartıb söküblər. Söküntüdə iştirak edənlərdən bir neçəsi daşların altında qalaraq can verib. Həmin gün başqa əlisilahlı bir dəstə məkanı əhatə edərək kənd sakinlərinin ora gəlməsinə imkan verməyib. Bununla da əvəzsiz tarixi və dini abidə məhv edilib.  Sonradan həmin yerdə qazıntı aparan sakinlər müxtəlif ev əşyaları taparaq kənddəki muzeyə təhvil veriblər. 1988-ci ildə kənd sakinləri "İmamzada"nın torpaq altında qalmış pilləkənini üzə çıxarmağa nail olublar. Sonra daş kitabə və digər əşyalar da  üzə çıxarılıb.

1993-cü ildə azda olsa, ziyarətgahın bərpasına naminə təmir işlərin təməli qoyulur. 1993-cü ildə Bülbülə İmamzadəsi “Məhəmməd Sadiq İmamzadəsi” kimi rəsmi fəaliyyətə başlayıb.

Nazilə Sarablı



reader's comments

Loading...